Hamiləliyin ilk əlamətləri
Uzun müddətdir gözlənilən hamiləliyin artıq gəlib çatdığı barədə hər qadın bilə bilmir. Həqiqətən, yeni həyatın yaranmasının ilk əlamətlərini asanlıqla aybaşı xəbərçisi olaraq qəbul etmək olar. Erkən vaxtlarda hamiləliyi necə müəyyən etmək olar və sizin uşağınızın olacağı fikrinə necə hazırlaşmaq olar? Bu məqalədə biz bu sualların cavabını verəcəyik.
Ümumi məlumat
Bəzi qadınlar ana olacaqları barədə kifayət qədər tez öyrənir, digərləri isə vəziyyətlərində uzun müddət heç bir dəyişiklik hiss etmirlər. Lakin özünüzə qulaq versəniz, hamiləliyin ilk əlamətlərini gözlənilən iki zolaqdan çox əvvəl tanımaqda çətinlik çəkməyəcəksiniz. Bu sizə, zəruri müayinədən keçmək və yaxın doqquz ay ərzində sakitliyinizi təmin etmək üçün, həkimin yanına mümkün qədər tez getmək imkanı verəcək.
Hamiləlik barədə neçə gündən sonra öyrənmək olar?
Mayalanmadan sonra ilk günlərdə bədəniniz sizə hər hansı xüsusi siqnal verməyəcək. Erkən vaxtlarda hamiləliyin əlamətləri toxum hüceyrəsinin mayalanması anından etibarən 8-10-cu gündən tez olmayaraq, embrion uşaqlığın divarına yapışdığı və ananın orqanizminə hamiləlik hormonu olan xorionik qonadotropin daxil olmağa başladığı zaman müşahidə oluna bilər. Onların özünü büruzə verməsi dərəcəsi orqanizmin hormonal dəyişikliklərə qarşı həssaslığından asılıdır. Embrionun inkişafının 20-ci günündə (aybaşı gecikməsinin ilk günləri ilə üst-üstə düşür) qadınların çoxu adətən vəziyyətləri barədə təxmini olaraq bilirlər.
Diqqət! Standart ekspress testlər sidikdə xroniki qonadotropinin miqdarını hamiləliyin 3-4-cü həftəsində, yəni mayalanmadan 1-2 həftə sonra müəyyən edir1.1.
Bu dövrdə orqanizm körpənin inkişaf etməsi üçün zəruri olan bütün vitamin və mineralları əldə etməsi son dərəcə əhəmiyyətlidir. Buna görə, hamilə olduğunuzdan şübhələnməyə başlayan kimi xüsusi vitamin-mineral kompleksləri qəbul etməyə başlayın. Bu ona görə əhəmiyyətlidir ki, embrionun bütün orqan və sistemlərinin formalaşması ilk həftələrdən başlayır.
Hamiləliyin ilk əlamətləri
Toxum hüceyrəsinin mayalanmasından və onun uşaqlıq borusundan uşaqlıq boşluğuna keçməsindən sonra, qadının orqanizmində bir sıra hormonal dəyişiklik baş verir ki, bu dəyişikliklər tez bir zamanda özünü erkən vaxtlarda hamiləliyin ilk əlamətləri şəklində büruzə verir1.
Döşün böyüməsi və ağrıması
Təxmin olunan aybaşı tarixindən bir neçə gün sonra:
- döş şişir,
- gilənin ətrafı genişlənir və tündləşir,
- gilənin ətrafındakı Montqomeri qabarığı adlandırılan qabarcıqların ölçüsü böyüyür.
Şişmiş döş yuxu zamanı narahatlıq və ağrı hisləri verirsə, gecə alt hissəsi olmayan yumşaq büsthalterdən istifadə etməyi sınaqdan keçirin.
Diqqət! Süd vəziləri elə qurulub ki, onların dərinin dartılmasına maneçilik törədə biləcək əzələləri yoxdur, buna görə, hamiləlik və laktasiya zamanı dəstəkləyici büsthalterdən istifadə etmək və, sıxılmasının qarşısını almaq üçün, onu döşün ölçüsü böyüdükcə dəyişmək zəruridir.
Ürəkbulanma
Hamiləliyin bu aşkar əlamətini tamamilə səhih adlandırmaq olmaz, çünki ürəkbulanmaya həzm problemləri də səbəb ola bilər. Lakin digər simptomlarla birlikdə ürəkbulanma çox güman ki, uşağınızın olacağına işarə edir. Birinci trimestrdə bu yeni halınızın, xoş olmasa belə, tamamilə normal əlamətidir.
Ürəkbulanma adətən yüngül olur və yalnız səhərlər müşahidə olunur, lakin o bütün gün ərzində davam edir və qusma ilə müşayiət olunursa, həkimə müraciət etmək zəruridir.
Bir neçə sadə tövsiyə sizə adətən hamiləliyin ilk həftələrini bərbad edən tutmaları asanlıqla keçirməkdə yardım edəcək.
- Səhərlər özünüzü pis hiss edirsinizsə, çoxlu miqdarda maye için. Yataqdan qalxmazdan öncə yağsız qatıq yemək olar – o zaman özünüzü daha yaxşı hiss edəcəksiniz. Qida qəbulu arasında uzunmüddətli fasilələrə yol verməyin, çünki ac olduğunuz zaman artan tüpürcək ifrazı belə ürəkbulanmaya səbəb ola bilər. Qəlyanaltı olaraq duzlu krekerlər və peçenye yemək olar.
- Rasionunuzdan südlü qəhvəni, şirin və qızardılmış şeyləri istisna edin.
- Tez-tez, lakin kiçik porsiyalarla yeyin.
Toksikoz əlamətlərinin azaldılmasında B qrupu vitaminləri və D vitamini yardım edəcək. Rasionunuza daha çox bütöv dənli bitkilər, cod çörək, mal qaraciyəri, pendir, süd məhsulları və fındıq, kələm, alma əlavə edin. Bundan başqa, bu komponentlərin ehtiyatlarını doldurmaqda xüsusi olaraq 1-ci trimestrdə qəbul üçün nəzərdə tutulan vitamin-mineral kompleksləri yardım edəcək.
Tez-tez sidik ifrazı
Hamiləliyin ilk həftələrində bir çox qadında tez-tez sidik ifrazı müşahidə olunur. Bu, yüksək miqdarda XQ hormonunun ifrazı ilə izah olunur. Sidik ifrazı hissi xüsusilə gecə vaxtı narahatlıq verir.
Vəziyyətinizə diqqətli şəkildə nəzarət edin, çoxlu miqdarda maye için ki, maye itkisini bərpa edəsiniz. Bu dövrdə qazsız mineral su, yaşıl çay, mors, kompot, yarıbayarı su ilə qarışdırılmış şirələr faydalı olur. Onlar sadəcə maye həcmini oldurmur, həmçinin ürəkbulanma əlamətlərini azaltmaqda yardım edəcək.
Qoxulara qarşı həddindən çox həssaslıq
Səhər qəhvəsinin ətrindən, ətirlərdən və ya istənilən digər kəskin qoxudan ürəkbulanmanız olursa, hamilə olduğunuz istisna deyil. Bəzi qadınlar qoxulara qarşı yüksək həssaslığı və dad meyllərinin kəskin şəkildə dəyişməsini erkən vaxtlarda aybaşı gecikməsindən öncə, hamiləliyin ilk əlamətləri olaraq, qeyd edir. Tab gətirə bilmədiyiniz ətirləri tullamağa tələsməyin: körpə dünyaya gəldikdən sonra, əvvəlki ətir və tamlar sizin yenə xoşunuza gələcək.
Qoxuların səbəb olduğu ürəkbulanmanı azaltmaq üçün, tez-tez təmiz hava qəbul edin, daha çox gəzintiyə çıxın. Evdə olarkən, hər iki saatdan bir 5-10 dəqiqəlik otağı havalandırın. Təmiz havanın gəlməsi nasazlığınızı azaltmaqda yardım edəcək.
Süstlük və yorulma
Hamiləliyin əvvəlində arterial təzyiqin aşağı düşməsi və orqanizmdə daha intensiv mübadilə prosesləri tez-tez çox güclü yorğunluğa səbəb olur. Ümumi vəziyyətin yaxşılaşdırılmasında balanslaşdırılmış qidalanma və təmiz havada gəzintilər yardım edəcək.
Diqqət! Erkən vaxtlarda sizi başgicəllənmə narahat edirsə, anemiyanın, yəni dəmir çatışmazlığının və ya arterial təzyiqi dəyişikliklərinin mövcudluğu mümkündür. Həkimlə məsləhətləşmək zəruridir.
Anemiyanın inkişaf etməsi riskini azaltmaq üçün, tərkibində dəmir olan qidaları qəbul etmək zəruridir: qırmızı ət, altməhsullar (mal qaraciyəri, ürək). Qidadan dəmirin daha yaxşı həzm olunması üçün, rasiona C vitamini ilə zəngin olan məhsullar əlavə etmək lazımdır: təzə tərəvəzlər, sitrus meyvələri, bağ göyərtisi. Tərəvəz salatı ilə tamamlanmış ət yeməkləri əla variantdır. Ehtiyatların doldurulmasında hamilələr üçün nəzərdə tutulan, tərkibinə dəmir əlavə edildiyi xüsusi vitamin-mineral kompleksləri yardım edəcək. Onların tərkibində bu mineralın zəruri sutkalıq dozası var.
Aybaşı gecikməsi
Hamiləliyin başladığının ən səhih əlamətlərindəndir. Daha sonra aybaşı olmur, çünki endometri uşağın inkişaf etməsi üçün optimal şərait yaradır. Lakin, siklin pozulması həmçinin stresslə, reproduktiv orqanların xəstəlikləri və hormonal nasazlıqlarla əlaqədar ola bilər.
Diqqət! Mayalanmadan təxminən bir həftə sonra mayalanmış toxum hüceyrəsinin uşaqlıqda yapışması ilə müşayiət edilən kiçik qanlı ifrazatların olması mümkündür. Həkimlər bu hala implantasiya qanaxması adlandırırlar. Onu həmçinin hamiləliyin erkən əlamətlərindən biri hesab edirlər.
Diqqət! Hamiləlik barədə xəbər tutduğunuz ilk günlərdən etibarən, fol turşusu qəbul etməyə başlamaq zəruridir. Bu maddənin aktiv forması metafolindir. Orqanizmə daxil olarkən, metafolin 100 % həzm olunur və körpənin ürəyinin və beyninin düzgün inkişaf etməsində yardım edir.
Hamiləliyin ikinci dərəcəli əlamətləri
Hamiləliyin birbaşa əlamətlərindən başqa, dolayı əlamətlər də mövcuddur ki, onlar təxminlərinizi təsdiq etməkdə yardım edəcək. Onlar da sizi narahat etməli deyil.
Qarnın aşağısında ağırlıq
Uşaqlıq yeni sakinini qəbul etməyə hazırlaşır, buna görə onun daxilində qan dövranı güclənir ki, bu da çanaq nahiyəsində xarakterik hislərlə müşayiət olunur.
Güclü iştaha
Hamiləliyin əvvəlində orqanizm daha çox enerji sərf edir – təəccüblü deyil ki, siz daima yemək istəyirsiniz. Buna baxmayaraq, aclıq tutmaları aybaşı başlamazdan əvvəl də hücum çəkə bilər, səbəb stress də ola bilər. İstənilən halda, xüsusilə də hamiləlik şübhələri öz təsdiqini taparsa, fastfuddan, şirin şeylərdən və un məmulatlarından uzaq durmaq lazımdır.
Rasionunuzu meyvə-tərəvəzlərlə, zülallı məhsullarla (balıq, toyuq əti) müxtəlifləşdirmək zəruridir. Fındıq, quru meyvələr, süd məhsulları (kəsmik, qatıq) qida qəbulu arasında əla qəlyanaltı ola bilər. Onlar yaxşı zənginləşdirmək qabiliyyətinə malikdir və artıq kalori vermir.
Yuxusuzluq
Bəzən elə olur ki, hormonal və psixoloji yenidənqurma səbəbi ilə, gələcək ana güclə yatır və gecələr tez-tez oyanır. Yuxu çatışmazlığını, heç olmasa həftəsonu günlərində, nahardan sonra istirahət edərək, kompensasiya etməyə çalışın, yatmazdan öncə təmiz havada gəzin və yataq otağını heç olmasa 10-15 dəqiqəlik havalandırın.
Diqqət! Həkimlə məsləhətləşmədən qəti olaraq yuxu dərmanı qəbul etməyin. Dərman olmadan da yuxunu yaxşılaşdırmağın çoxlu üsulları var. İlıq (isti yox) duş və ya vanna, kitab oxumaq, sakitləşdirici musiqi kömək edə bilər. Yatmazdan ən azı bir saat öncə, qadjetlərin istifadəsindən və televizora baxmaqdan imtina etmək zəruridir: onlar sinir sistemini həddindən çox yükləyir. Yatmazdan öncə bir qaşıq balla isti süd qəbul etmək yatmağa kömək edəcək.
Qəbzlik
Hamiləlik zamanı progesteronun gücləndirilmiş şəkildə ifraz olunması bağırsaq əzələlərini zəiflədir ki, bu da həzm işini çətinləşdirir. Menyuya ağlasığan miqdarda yüksək sellüloz tərkibli məhsulları daxil edin: bütöv dənli çörək, meyvə-tərəvəz.
Bağırsağın fəaliyyətinin tənzimlənməsində maqnezium kömək edir, o, həmçinin, sinir impulslarının ötürülməsində və əzələlərin fəaliyyətində iştirak edir. Maqnezium dənli bitkilərin və fındığın, tünd şokoladın, paxlalıların, yarpaqlı tərəvəzlərin və süd məhsullarının tərkibində var. Orqanizmin sutkalıq maqnezium dozası ilə təmin olunmasında hamilələr üçün nəzərdə tutulan xüsusi vitamin-mineral kompleksinin qəbulu yardım edəcək. Maqnezium sadəcə bağırsağın fəaliyyətini tənzimləmir, həmçinin sedativ, antistress təsirə malikdir və yüksək uşaqlıq tonusunun profilaktikası üçün əhəmiyyətlidir.
Baş ağrısı
Həmin hormonlara görə gələcək ana erkən vaxtlarda həmçinin hamiləliyin əlamətlərindən biri ola biləcək baş ağrısı hiss edir. Arterial hipertenziyanı nəzərdən buraxmamaq üçün həkimlə məsləhətləşmək zəruridir.
Bir qayda olaraq, hamiləliyin lap əvvəlindən müntəzəm olaraq təzyiqinizi gündə iki dəfə ölçün: səhər, qalxan kimi, səhər yeməyindən və gigiyenik prosedurlardan əvvəl, və axşam, təxminən saat 19-20 radələrində, 15 dəqiqəlik istirahətdən sonra.
Qıcıqlanma
Bir çox hamilə qadın erkən vaxtlarda emosional qeyri-sabitlikdən və əhval-ruhiyə dəyişikliklərindən şikayətlənir. Ailədə artım barədə sevindirici xəbər aldığınız zaman yaxınlarınızı kaprizlərinizin kifayət qədər üzrlü səbəbinin olduğu barədə xəbərdar edin.
Sızanaqlar
Yeniyetmə dövründən çıxdıqdan sonra dəridəki səpgilər barədə unutmusunuzsa, böyük ehtimal ki, hamiləlik zamanı onları yenidən xatırlamaq məcburiyyətində qalacaqsınız: sızanaqlar yenidən üzünüzdə əmələ gələ bilər və bunun səbəbi yenə də hormonlar olacaq. Səbr edin, zamanla dərinin vəziyyəti normaya dönəcək.
Bu dövrdə üz və bədənə qulluğa diqqət yetirmək lazımdır. Sadəcə sizi deyil, həmçinin körpəni müdafiə etmək üçün, immun sistemi yenidən tənzimlənir, buna görə qulluq üçün hipoallergen vasitələr seçin. Onların tərkibində dərini qıcıqlandıra biləcək boyaq maddələri və ətirləndirici maddələr yoxdur.
Qarındakı piqmentasiya
Göbəkdən qarnın aşağısına qədər gedən tünd zolağın əmələ gəlməsi həmçinin erkən vaxtlarda hamiləliyin əlamətlərinə daxildir.
Qasıqda sancılar
Estrogen hormonunun təsiri altında bağlar daha elastik olur ki, qarnın həcmi gələcəkdə maneəsiz şəkildə böyüyə bilsin. Bu proses qasıq nahiyəsində yüngül narahtlıqla özünü büruzə verə bilər.
Ayaqlarda qıcolmalar
Baldırın ikibaşlı əzələsində qıcolmalarınız olursa, bu maddələr mübadiləsindəki dəyişikliklər barədə xəbər verir və, hamiləliyin digər simptomları ilə birlikdə, vəziyyətinizə işarə edir.
Həkimlə məsləhətləşin, o sizi qıcolmalardan qurtaracaq tədbirlər kompleksi seçəcək və hamiləlik zamanı venaların varikoz genişlənməsi haqqında danışacaq. Alçaq dabanlı ayaqqabılardan istifadə edin, soyuq və ilıq suyu növbələşdirərək, ayaq vannaları qəbul edin, baldırın ikibaşlı əzələsini və pəncələrinizi masaj edin.
Vaginal kandidoz
Hamiləlik zamanı vaginal sekretin miqdarının artması normal hadisədir. Lakin, ifrazatlar maye halını və xoşagəlməz qoxulu boz-ağ rəng almışdırsa, yaxud, əksinə, kəsmiyəoxşar, lopaya bənzər və ya irinli hal almışdırsa, mütləq həkimlə məsləhətləşin. Bu cür olan hallarda, yoluxucu ağırlaşma riski, o cümlədən, dölün yoluxması riski yüksəlir.
Uşaq əmizdirmə zamanı hamiləliyin əlamətləri
Uşaq əmizdirən ananın hamilə qala bilməyəcəyi barədə mif ən dayanıqlı mifdir. Növbəti uşağın doğulması planlarınıza daxil deyilsə, etibarlı kontrasepsiya metodlarından istifadə etməyi unutmayın. Kontraseptivin seçilməsində həkim yardımçı olacaq. Körpənizə qardaş və ya bacı verməyə hazırlaşırsınızsa, uşaq əmizdirməni dayandırmaq mütləq deyil. Uşaq əmizdirmə hamiləlik zamanı da mümkündür (buna həkiminiz icazə verərsə). Bütün zəruri mineral və vitaminləri əldə etməyiniz əhəmiyyətlidir. Yodun kifayət edəcək miqdarda daxil olmasına diqqət yetirin: o, körpənin beyninin və qalxanabənzər vəzisinin formalaşmasında yardım edir.
Hamiləliyin diaqnostikası niyə əhəmiyyətlidir
Hamilə olduğunuz barədə nə qədər tez öyrənsəniz, qadın məsləhətxanasında o qədər tez uçota duracaq və uşaqlıqdankənar hamiləlik, irsi və genetik döl xəstəliklərini riskini istisna edəcək, habelə hamiləlik zamanı özünüzün necə davranacağınız barədə lazım olan bütün məlumatları təqdim edəcək həkimlərlə o qədər tez görüşəcəksiniz. Onlar sizə qidalanma qaydalarını deyəcəklər və körpənin orqanlarının düzgün formalaşması və inkişaf etməsi üçün xüsusi vitamin-mineral komplekslərinin qəbulunu tövsiyə edəcəklər, bu dövrdə sizinlə hansı dəyişikliklərin baş verəcəyi barədə xəbər verəcəklər və hamiləliyin gedişatını və dölün inkişafını qiymətləndirməyə imkan verəcək skrininq müayinələrinin müddətlərini bildirəcəklər.
Hamiləliyin diaqnostikası növləri
Hamiləlik testi
Xroniki qonadotropinin (XQ) səviyyəsi tədricən artır, buna görə, standart hamiləlik ekspress-testi yalnız mayalanmadan iki həftə sonra səhih nəticə verəcək.
Qanın analizi
Qanın XQ üzrə laboratoriya analizi toxum hüceyrəsinin mayalanmasından sonra 7-ci gündən etibarən səhih məlumat verəcək.
USM
Ultrasəs müayinə hamiləliyin mövcudluğunu mayalanmadan sonra 3-4-cü həftədən tez olmayaraq təsdiq edəcək.
Ginekoloji baxış
Uşaqlığın vəziyyətini tədqiq edərək, ginekoloq da toxum hüceyrəsinin implantasiyasından sonra hamiləlik diaqnozunu qoya bilər.
Təxminlərinizin hansı üsulla təsdiq edildiyindən asılı olmayaraq, sevindirici xəbər, yəqin ki, sizə hamiləliyin özünü büruzə verdiyi yüngül narahatlıqları unutduracaq. Bütün bunlara tab gətirmək kifayət qədər mümkündür. Əsası odur ki, boş yerə həyəcanlanmayın, şübhəniz olduqda məsləhətləşə biləcəyiniz həkimə etibar edin və diqqətli davranın. İkinci trimestrdə birinci üç aya xas olan xoşagəlməz hislər keçir və gələcək ana özünü əla hiss edir.